Səfa Qəhrəmanov
Səfa Hüseyn oğlu Qəhrəmanov (30 mart 1949, Minəxorlu, Ağcabədi rayonu – 5 may 2008, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2006).
== Həyatı ==
Səfa Hüseyn oğlu Qəhrəmanov 1949-cu il mart ayının 30-da Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. Hələ uşaqlıqdan musiqiyə həvəsi olmuş, tibb texnikumunda təhsil alarkən respublika üzrə keçirilən musiqi müsabiqələrində iştirak etmişdir. 1970-ci ildə Yaşıl Teatrda keçirilən "Qızıl payız" muğam festivalının iştirakçısı olmuş, Xan Şuşinski, Əhməd Bakıxanov, Sahib Şükürov, İslam Rzayev, Adil Gəray kimi sənətkarların qarşısında çıxış edərək müsabiqədə qalib gəlmişdir. Bundan sonra o, Əhməd Bakıxanovun ansamblına dəvət almış, bir müddət sonra isə hərbi xidmətə yollanmışdır.
1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik şöbəsini, 1990-cı ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsini bitirmişdir. Muğam ustası Nəriman Əliyevin tələbəsi olmuşdur.
Hələ musiqi texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayan Səfa Qəhrəmanov milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa etmişdir. 1975-ci ildə ilk dəfə olaraq peşəkar xanəndə kimi Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı ilə televiziyada "Mirzə Hüseyn segahı"nı ifa etmişdir.
Səfa Qəhrəmanov 1992-ci ildən həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti idi.